
“Aprel ayının 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunmuş beynəlxalq konfransda cənab Prezident İlham Əliyevin çıxışı və iştirakçıların suallarına verdiyi cavablar Cənubi Qafqaz regionun gələcək inkişafı və burada yaranan əməkdaşlıq imkanları baxımından olduqca vacib əhəmiyyət kəsb edir. Onu da qeyd etməliyik ki, dövlətimizin başçısı suallara verdiyi cavablarla bütün dünyaya Azərbaycan Prezidentinin dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi olduğunu bir daha göstərmiş oldu”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin media və beyin mərkəzlərinin nümayəndələri ilə görüşləri, onları maraqlandıran çoxsaylı sualları ətraflı, geniş şərh etməsi hamıya məlumdur. Xatırladaq ki, cənab Prezidentin 4 dildə 4 saatdan artıq davam edən müsahibəsi dünyanın aparıcı media qurumları tərəfindən heyranlıqla qarşılanmışdı. Həmçinin ADA Universitetində təşkil olunan və dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldığı bu konfrans Ermənistan ilə gələcək münasibətlər və Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərinin müzakirə olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
İlk öncə onu qeyd etməliyik ki, aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Xüsusilə qeyd etməliyik ki, konfrans iştirakçılarının Azərbaycanda gedən sürətli inkişafı və eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərini təqdirlə qarşılamaları və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən fikirlər ifadə etmələri ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun növbəti təzahürüdür.
Fikirlərinin davamı olaraq, millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan yaratmış olduğu yeni reallıqlar nəticəsində Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Bu haqda Cənab Prezident nitqində qeyd etmişdir ki, “Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib…”.
Bütün bunlar onu deməyə əsas verir ki, iki ölkə arasında sülh prosesində gündəliyi müəyyən edən və şərtləri diktə edən tərəf Azərbaycandır. Əlbəttə burada Azərbaycanın Qafqazda yaratdığı yeni reallıqlarla yanaşı, dünyada gedən mövcud proseslərin də təsiri vardır. Belə ki, uzun illər Ermənistana havadarlıq edən qüvvələrin başları qlobal rəqabətə qarışdığına görə öz proksi dövlətlərinə nə silah, nə də dollar-avro formasında yardım edə bilmirlər. Belə şəraitdə daima böyük qüvvələrə sığınan, Azərbaycanla üz-üzə gəlməkdən çəkinən Ermənistan, mövcud məsələləri vasitəçilərsiz müzakirə etməyə məcbur qalır.
Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməz deyən millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə nəticəsində Ermənistanın işğal və onun legitimləşdirilməsi üzərində qurulmuş ideoloji təməlləri tamamilə sarsıldı. Ermənistan dövləti xalqın rifahını və ölkənin gələcək taleyi barədə düşünürsə mütləq şəkildə hazırki dövrün reallıqlarına uyğun yeni hədəflər müəyyən etməlidir. Əlbəttə regional əməkdaşlığın və beynəlxalq layihələrin iştirakçısına çevrilə bilmək üçün ilk öncə qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdır. Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməli - regional inkişafın bir hissəsi olması, regionun həyatına inteqrasiya etməsi üçün əməkdaşlığın, konstruktivliyin, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürüdülməsinin vacibliyini anlamalıdırlar. Şübhəsiz ki, bütün bunlar Ermənistan üçün yeganə müsbət çıxış yoludur”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.