
İran hakimiyyəti regiondakı gərginliyin dayandırılması ilə bağlı ABŞ tərəfindən irəli sürülən təklifə cavabını Pakistan vasitəçiləri üzərindən çatdırıb.
Bu barədə İranın IRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, hazırkı danışıqlar mərhələsində əsas diqqət bölgədə davam edən hərbi qarşıdurmanın dayandırılmasına yönəlib.
Digər İran agentliyi ISNA isə bildirib ki, Tehran tərəfindən göndərilən cavab məktubunda münaqişənin nizamlanması ilə yanaşı, Hörmüz boğazı ərazisində gəmiçiliyin təhlükəsizliyi ilə bağlı müddəalar da yer alıb.
Xatırladaq ki, bölgədə vəziyyət mayın 7-də ABŞ və İran arasında qarşılıqlı hücumlardan sonra yenidən gərginləşib. İran tərəfi ABŞ hərbçilərinin İran tankerinə hücum etdiyini iddia edib.
Buna cavab olaraq İranın Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus üç esminesə raket və kamikadze pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi bildirilib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə hücum faktını təsdiqləyərək İran ərazisindəki bəzi hərbi obyektlərə cavab zərbələri endirildiyini açıqlayıb.
ABŞ Prezidenti Donald Trump isə tərəflər arasında atəşkəs rejiminin qüvvədə qaldığını bəyan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.