
Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev bu təklifi müsbət qarşılayıb və icrası ilə bağlı müvafiq tapşırıq verib.
AVESTA.AZ xəbər veirr ki, aparılan islahatla bağlı öz təəssüratlarını Oxu.Az ilə bölüşən 10 saylı Uşaq Poliklinikasının həkim-pediatrı Aytən Əhmədova bildirib ki, bu xəbər onu və həmkarlarını çox sevindirib:
"Bu, sadəcə əməkhaqqı artımı deyil. Bunu eyni zamanda tibb işçilərinin əməyinə verilən dəyər və bizə göstərilən diqqət kimi qəbul edirəm.
Həkimlik asan peşə deyil. 20 ilə yaxındır bu sahədəyəm. Hər gün insanların sağlamlığı üçün çalışmaq, uzun iş saatları, gecə növbələri və yorğunluq peşəmizin bir hissəsidir. Gördüyümüz işin qiymətləndirildiyini hiss etmək bizə əlavə güc verir.
İnanıram ki, bu addım tibb işçilərinin sosial rifahını yaxşılaşdıracaq və onların motivasiyasını daha da artıracaq. Həkim üçün ən böyük sevinc xəstənin sağalması və bir "çox sağ ol" sözü eşitməkdir. Dövlətin göstərdiyi bu diqqəti minnətdarlıqla qarşılayırıq və etimadı doğrultmaq üçün var qüvvəmizlə çalışmağa davam edəcəyik.
Ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səhiyyə sahəsinə və tibb işçilərinə göstərdikləri diqqət və qayğıya görə özümün və həmkarlarımın adından təşəkkürümüzü bildirirəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.