
"Qarabağ"ın sabiq futbolçusu Abdullah Zubirin Səudiyyə Ərəbistanına keçidi rəsmiləşməyib.
AVESTA.AZ "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı fransalı vingerin "Əl-Uruba" ilə anlaşması Səudiyyə Pro Liqası tərəfindən təsdiqlənməyib. Buna səbəb klubun futbolçunun müqaviləsi ilə bağlı tələb olunan maliyyə təminatını təqdim edə bilməməsi olub.
Bu səbəbdən Zubirin yeni komandasında cari mövsümdə meydana çıxması mümkün olmayacaq. Futbolçu hazırda azad agentdir və karyerasını davam etdirmək üçün yeni klub axtarışındadır.
Zubir "Qarabağ"la yollarını ayırdıqdan sonra Azərbaycandan ayrılaraq Səudiyyə Ərəbistanına yollanmış və "Əl-Uruba" ilə müqavilə imzalamışdı. Lakin razılaşmanın liqada qeydiyyata alınmaması transferin faktiki olaraq baş tutmasına mane olub.
Qeyd edək ki, Zubir uzun illər "Qarabağ"ın əsas futbolçularından biri olub və klubun yerli çempionatla yanaşı, avrokuboklardakı çıxışlarında da mühüm rol oynayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.