
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəsi saxlanılır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri mənbələrə istinadən məlumat yayıb.
Müzakirə olunan müqavilənin şərtlərinə görə, Delsi Rodrigesin rəhbərlik etdiyi hökumət "qızıl üzərində hüquqi nəzarət əldə edəcək, lakin onu dərhal sata bilməyəcək.
Bununla belə, qiymətli metal rəsmi dairələr tərəfindən xərclərin maliyyələşdirilməsi, o cümlədən iyunun 24-də baş vermiş və 6 mindən çox insanın həyatına son qoyan 7.5 maqnitudalı dağıdıcı zəlzələdən sonra ölkənin bərpası üçün kredit girovu kimi istifadə oluna bilər.
Məqalədə qeyd edilir ki, razılaşma üzrə texniki detalların dəqiqləşdirilməsi prosesi müəyyən qədər vaxt apara bilər. Qəzetin yazdığına görə, qızılın Londondan Nyu-Yorka köçürülməsi ilə bağlı sövdələşmə Cənubi Amerika ölkəsinin hökuməti və müxalifət qüvvələri arasında danışıqlar prosesinin ilk real nəticələrindən biri olacaq.
Qeyd edək ki, Venesuela rəhbərliyi daha əvvəl dəfələrlə Birləşmiş Krallıqdakı dövlət qızıl ehtiyatları ilə əməliyyatlar aparmağa cəhd göstərsə də, Britaniya bankı tərəfindən rədd cavabı alıb. Buna səbəb kimi Böyük Britaniyanın Nikolas Maduronu respublikanın qanuni lideri kimi tanımaması göstərilirdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.