
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar.
AVESTA.AZ xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yeni bir mərhələnin əsasını qoyub.
Harvard və Smitson Astrofizika Mərkəzi ilə Oreqon Universitetinin alimləri tərəfindən aparılan tədqiqat zamanı Cənubi Afrikadakı "MeerKAT" radio teleskopundan istifadə olunub. 2025-2026-cı illəri əhatə edən müşahidələr nəticəsində qeydə alınan sürətli və təkrarlanan impulsların mənbəyi dəqiqliklə müəyyən edilib.
Tədqiqatçılar xüsusilə vurğulayırlar ki, bu siqnallar yadplanetli sivilizasiyalar tərəfindən göndərilməyib.
Radio dalğalarının planetin atmosferində baş verən güclü qütb parıltısından (şimal işıqlarına bənzər təbiət hadisəsi) qaynaqlandığı bildirilir.
Mənbə ulduz deyil, planetin özüdür. Əvvəllər bu növ siqnalların ulduzun özündən, yoxsa onun ətrafındakı planetlərdən gəldiyini ayırd etmək mümkün olmurdu.
İndi isə alimlər şüalanmanın məhz "Beta Pictoris b" ekzoplanetindən yayıldığını sübut ediblər.
Bu kəşf sayəsində ilk dəfə olaraq bir ekzoplanetin maqnit sahəsi birbaşa ölçülüb. Yupiterdən 10 dəfə böyük olan bu nəhəng planetin maqnit sahəsinin Yerinkindən minlərlə dəfə güclü olduğu ortaya çıxıb.
Planetin öz oxu ətrafındakı bir dövrünü cəmi 8-9 saata tamamlamasının bu dərəcədə nəhəng qütb parıltılarının yaranmasında əsas rol oynadığı ehtimal edilir.
Bu uğurlu təcrübədən sonra mütəxəssislər oxşar metodologiya ilə yaxınlıqdakı daha 5 ulduz sistemində yerləşən 7 nəhəng ekzoplaneti tədqiq etməyi planlaşdırırlar.
Yeni nəsil radio rəsədxanalarının istifadəyə verilməsi ilə kosmosun daha dərin qatlarından bənzər siqnalların tutulması gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.