
Britaniyanın Qlosterşir qraflığında ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi "RAF Fairford" aviabazasının yaxınlığında beş nəfər terror aktı hazırlamaqda və partlayıcı maddələrlə bağlı cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılıb.
BAKU.WS xəbər verir ki, hadisə İngiltərənin qərbində yerləşən Uelford kəndi yaxınlığında baş verib.
Məlumata görə, polis bazar günü səhər saatlarında aviabazaya doğru hərəkət edən üç şübhəli nəqliyyat vasitəsi barədə məlumat aldıqdan sonra əraziyə əməkdaşlar göndərib. Nəticədə beş nəfər saxlanılıb.
Onlar əvvəlcə partlayıcı maddələrlə bağlı qanunvericiliyi pozmaqda şübhəli biliniblər. Daha sonra saxlanılan şəxslərin terror aktı hazırlamaqda şübhəli olduqları açıqlanıb.
Hadisə ilə əlaqədar ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Təxminən 85 evdən sakinlər təxliyə edilib, Britaniya ordusunun partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri isə şübhəli avtomobilləri araşdırıblar. Nəqliyyat vasitələrinin ətrafında təxminən 400 metrlik təhlükəsizlik kordonu yaradılıb.
Hadisə yerindən yayılan görüntülərdə bir neçə ağ rəngli furqonun bomba zərərsizləşdirmə robotu vasitəsilə yoxlanıldığı əks olunub.
Yerli sakinlərin sözlərinə görə, şübhəli furqonlar gecə saatlarında kənd ərazisində görülüb. Təxliyə edilən sakinlər yaxınlıqdakı istirahət mərkəzinə yerləşdirilib.
"RAF Fairford" ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi mühüm bazalardan biridir. Baza son dövrdə İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar çərçivəsində də ABŞ təyyarələrinin istifadəsində olub.
Hazırda saxlanılan beş nəfər polis nəzarətindədir. Hadisənin səbəbləri və saxlanılan şəxslərin mümkün məqsədləri ilə bağlı araşdırma davam edir
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.