
Yakutiyada məktəblərdən birinin şagirdi terror aktı təşkil etmək istəyib, bundan əvvəl o, təhsil müəssisəsinin binasında yanğın təşkil etmişdi.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Saxa (Yakutiya) Respublikası məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
Məhkəməyə Rusiyanın Verxnevilyuysk rayonu üzrə DİİŞ-nin rəis əvəzinin inzibati iddia ərizəsi daxil olub. Tələblərin əsaslandırılmasında qeyd edilib ki, iyuldan sentyabra qədər yetkinlik yaşına çatmayan şəxs məktəb binasında iki və daha çox şəxsə qarşı xüsusilə ağır cinayətin törədilməsinə hazırlığa yönəlmiş hərəkətlər edib.
"Bu məqsədlə o, messencerlərdən birində qapalı kanal yaradıb, orada qanunazidd hərəkətləri nə vaxt, harada və hansı şəraitdə törətmək niyyətində olduğunu ətraflı təsvir edib. Yeniyetmə gizli şəkildə atasının silah seyfindən ov patronlarını oğurlayıb, messencerdə dərc etmək üçün atasının tüfəngi ilə şəkillər çəkib, boya ilə yazı olan bel çantası və köynək hazırlayıb. Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxs məktəb binasında yanğın təşkil edib, həmçinin onun təhsil müəssisəsində terror aktı planlaşdırması barədə fikirləri qeydə alınıb", - məlumatda deyilir.
Məhkəmənin qərarı ilə yeniyetmə Saxa (Yakutiya) Respublikası DİN-in yetkinlik yaşına çatmayan hüquq pozucuları üçün müvəqqəti saxlama mərkəzinə 30 sutkaya qədər müddətə yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.