
Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığı üçün yeni çərçivənin yaradılmasının vaxtı yetişib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, Almaniyanın etibarlı neft təchizatçısıdır: "2026-cı ildən təbii qaz enerji tərəfdaşlığımıza yeni ölçü verib. Bu gün Almaniyanın "Uniper", SEFE və VNG şirkətləri Azərbaycan qazını alır. Gələcəyə baxaraq prioritetimiz bu tərəfdaşlığı bərpa olunan enerji, enerji əlaqəliliyi, enerjiyə qənaət və daha geniş enerji keçidi istiqamətində daha da inkişaf etdirməkdir".
Nazir müavini bildirib ki, Azərbaycanın Xəzər dənizindəki 157 giqavatlıq quraşdırılan külək enerjisi potensialı, 2032-ci ilə qədər nəzərdə tutulan 8 giqavatlıq külək və günəş layihələri, Mərkəzi Asiyanın nəhəng bərpa olunan enerji mənbələri və strateji elektrik interkonnektorları Avropanın enerji təhlükəsizliyi və enerji keçidi üçün də mühüm imkanlar təqdim edir: "Məqsədimiz bu potensialı bir neçə tamamlayıcı marşrut – Xəzər-Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi, Mərkəzi Asiya-Azərbaycan Dəhlizi və Gürcüstan və Naxçıvan üzərindən Türkiyə və Avropaya qərb istiqamətli əlaqələr vasitəsilə Avropa bazarlarına birləşdirməkdir. Burada TRIPP layihəsi də əlavə potensial təklif edir".
E.Soltanov qeyd edib ki, 4 giqavatlıq Xəzər-Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizinə dair yekun investisiya qərarının 2029-cu ildə verilməsi hədəflənib: "Onun 2032-ci ildən etibarən mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur. Biz Almaniya şirkətlərini bu layihənin texniki, maliyyə və kommersiya imkanlarını araşdırmaq və onun həyata keçirilməsində investor və strateji tərəfdaş kimi iştirak etmək üçün oktyabrın 22-də Bakıda keçiriləcək Yaşıl Enerji Dəhlizi İnvestisiya və Tərəfdaşlıq Forumuna dəvət edirik. Almaniyanın maliyyə potensialını, qabaqcıl texnologiyalarını və sənaye təcrübəsini Azərbaycanın enerji potensialı, strateji coğrafi mövqeyi və artan regional əlaqəlilik şəbəkələri ilə birləşdirməklə güclü sinergiya və daha məhsuldar və davamlı tərəfdaşlıq yarada bilərik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.