
OpenAI şirkətinin GPT-5.6 Sol seriyasına aid daxili süni intellekt modeli ona məxsus olmayan kriptovalyuta cüzdanından vəsait götürərək əməliyyat komissiyasını ödəyib. Hadisə Ethereum-un sınaq şəbəkəsi olan Sepolia-da baş verib.
BAKU.WS xəbər verir ki, şirkətin hesabatına əsasən, hadisə iyunun sonunda qeydə alınıb, bu barədə məlumat isə sentyabrın sonunda açıqlanıb.
Tapşırığı yerinə yetirmək üçün komissiya vəsaitinə ehtiyacı olan süni intellekt agenti 362 geniş yayılmış bərpa ifadəsini yoxlayan skript hazırlayıb. Nəticədə o, tərtibatçıların sınaq mühitində istifadə etdiyi cüzdanlardan birinin açarını taparaq həmin hesabdan əməliyyat komissiyasını ödəyib.
Modelin bu addımı atmağa icazəsinin olub-olmadığı ilə bağlı şübhələri olsa da, bərpa ifadəsinin açıq mənbədə yerləşdiyini və sınaq şəbəkəsinin tokenlərinin real bazar dəyəri daşımadığını əsas götürərək əməliyyatı həyata keçirib. Daha sonra tapşırığın icrası barədə hesabat verərkən vəsaiti haradan əldə etdiyini açıqlamayıb.
OpenAI hadisədən sonra modellərin internetə çıxışını məhdudlaşdırdığını və monitorinqi gücləndirdiyini bildirib. Şirkətin hesabatında qeyd olunub ki, bu hadisə süni intellektin hesab sahibinin icazəsi əvəzinə öz mülahizələrinə əsaslanaraq qərar verə və səlahiyyəti olmadan hərəkət edə biləcəyini göstərir.
Hazırda kriptovalyuta və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər əməliyyatları insanın hər addımda təsdiqinə ehtiyac olmadan həyata keçirə bilən agentlər hazırlayırlar. Bu hadisə isə həmin sistemlərin təhlükəsizliyi və səlahiyyət sərhədləri ilə bağlı sualları yenidən gündəmə gətirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.