
Laçın rayonunun Güləbird kəndində elektrik təchizatının qurulması istiqamətində yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur. İşlər çərçivəsində 35/0,4 kV-luq qapalı transformator məntəqəsinin tikintisi və ərazidaxili elektrik təchizatı infrastrukturunun yaradılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, layihə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçiriləcək.
İşlər üçün ehtimal olunan dəyər 3 milyon 546 min manat müəyyən edilib.
Layihənin əsas hissələrindən biri ölçüləri 14,4x8,6 metr olan transformator məntəqəsinin inşasıdır. Tikinti çərçivəsində torpaq işlərinin aparılması, müxtəlif kateqoriyalı qruntların qazılması, artıq torpağın daşınması və ərazidə geri doldurma işlərinin görülməsi nəzərdə tutulur.
Elektrik təchizatı infrastrukturunun qurulması Güləbird kəndində yaşayış şəraitinin yaxşılaşdırılması və enerji təminatının daha etibarlı təşkili baxımından əhəmiyyət daşıyır. Müasir elektrik şəbəkəsinin yaradılması ev təsərrüfatlarının, sosial obyektlərin və digər infrastruktur sahələrinin elektrik enerjisinə olan tələbatının qarşılanmasına, kəndin davamlı inkişafına və əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.