
Bu gün, saat 09:45-də Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Bu barədə AVESTA.AZ-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd edilib ki, Telman Xudaquliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb:
"Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si - Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır".
*** 13:28
Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.
Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, mikroavtobusda olan 20-yə yaxın sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.