
Ötən gün axşam saatlarında Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən, "Opel" markalı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Seymur İsmayılov, 2009-cü il təvəllüdlü Turan Əsgərov və 2009-cu il təvəllüdlü Əhəd Heydərzadədir.
S.İsmayılov riyaziyyat müəllimi olub. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi çalışırdı. Həmçinin T.Əsgərov və Ə.Heydərzadədə sözügedən məktəbin 11-ci sinif şagirdləri olublar. Məktəbin digər iki şagirdi isə xəsarət alıb. Onların hamısı Füzuli rayon sakinləridir və toy mərasimindən qayıtdıqları bildirilir.
Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
***09:25
Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.
Bu barədə AVESTA.AZ-ə Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.
Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.