
Fransa Mayot adasının işğal olunmasının beynəlxalq təşkilatlarda müzakirəsinə imkan verməsə də, Bakı Təşəbbüs Qrupu (BTQ) bu mövzunu yenidən gündəmə gətirdi və bundan sonra da Mayot xalqına dəstək nümayiş etdirəcək.
"Report" xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, 1975-ci ildə Qəmər Adaları müstəqilliyini elan etdikdən bir il sonra Fransa süni referendum keçirərək Mayotu işğal edib: "Bundan sonra bütün beynəlxalq təşkilatlarda Mayotla bağlı məsələlər bloklanıb. Ancaq BMT-nin bu işğalla bağlı qətnamələri mövcuddur. BTQ bu məsələni yenidən gündəmə daşıyaraq beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə çəkib. Bundan sonra da BTQ BMT qətnamələrinin icra olunması ilə bağlı tədbirlər keçirəcək. Biz beynəlxalq hüququn müddəalarını müdafiə edəcəyik".
A.Abbasov vurğulayıb ki, BTQ ilə Maore Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq: "Bu sənəd gələcək əməkdaşlıq perspektivlərini müəyyən edir. Yəni gələcəkdə iqtisadi, sosial siyasi məsələlərdə BTQ tərəfindən Qəmər Adalarına dəstək nümayiş olunacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.