
İtaliyanın Neapol şəhərində silahlı şəxslər bankı soyaraq 25 nəfəri girov götürüb, daha sonra tunellə qaçıb.
BAKU.WS xəbər verir ki, hadisə Credit Agricole bankının filialında baş verib. Günorta saatlarında başlayan əməliyyat zamanı polis əraziyə cəlb olunub və bank mühasirəyə alınıb.
Təxminən iki saat davam edən danışıqlardan sonra girovlar azad edilib. Onların arasında xəsarət alan olmasa da, altı nəfərə tibbi yardım göstərilib.
Hadisə yerindən yayılan görüntülərdə xilasedicilərin bankın şüşələrini sındıraraq insanları təxliyə etdiyi əks olunub. Girovlar şok vəziyyətdə binanı tərk edib.
Məlumata görə, xüsusi təyinatlı qüvvələr əməliyyata cəlb olunsa da, bank daxilinə daxil olduqda soyğunçuların artıq qaçdığı müəyyən edilib. Onların əvvəlcədən hazırladıqları yeraltı tunel vasitəsilə kanalizasiya sisteminə daxil olaraq izlərini itirdiyi bildirilir.
Hüquq-mühafizə orqanları kanalizasiya xətləri boyunca genişmiqyaslı axtarışlara başlayıb. Soyğun zamanı əldə edilən məbləğ hələ açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.