
Firudin Eynulla oğlu Davudov - görkəmli alim, kriminalist, hüquq elmləri doktoru, professor, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun (indiki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi) banisi və uzun illər onun rəhbəri olmuşdur.
O, Azərbaycan kriminalistika elminin inkişafında müstəsna xidmətlər göstərmiş, məhkəmə ekspertizasının təşkilati vənəzəri əsaslarının formalaşdırılmasında əvəzsiz rol oynamış və bununla da ölkənin hüquq elminə dəyərli töhfələr vermişdir.
F.E. Davudov 1926-cı il martın 21-də Astara şəhərində anadan olmuşdur.
1944-cü ildə orta təhsilini başa vurduqdan sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş, II kursdan etibarən isə təhsilini Leninqrad Dövlət Universitetində davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir.
Daha sonra Moskvada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsil almış və 1955-ci ildə hüquq elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.
F.E. Davudov Bakı Elmi-Tədqiqat Kriminalistika Laboratoriyasının yaradılmasında fəal iştirak etmiş və onun gərgin əməyi sayəsində bu laboratoriya sonradan ixtisaslaşmış elmi-tədqiqat institutuna çevrilmişdir. Məhz bu fəaliyyətin nəticəsi olaraq 1961-ci ildə o, həmin institutun direktoru vəzifəsinə təyin edilmiş və uzun illər bu elm ocağına rəhbərlik etmişdir. Bu dövrdə ölkədə kriminalistika məktəbinin formalaşmasında və yüksək ixtisaslı ekspert kadrların hazırlanmasında mühüm rol oynamış, eyni zamanda Azərbaycan Dövlət Universitetində kriminalistika fənnini tədris etmişdir.
Onun elmi fəaliyyəti əsasən məhkəmə ekspertizasının təşkilati və nəzəri problemlərinin həllinə yönəlmişdir.
Həmin illərdə o, məhkəmə ekspertizasının təşkilati və elmi əsaslarına dair çoxsaylı elmi məqalələr dərc etdirmişdir; bunlar arasında "Cinayətlərin xəbərdar edilməsində məhkəmə ekspertizası və ekspert müəssisələrinin rolu" (1965), "Məhkəməekspertizasının təşkilati və prosessual problemlərinin inkişafı" (1967), "Ölkənin ekspert müəssisələrində işin təşkili" (1972) və s. yer alır.
Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan dilində yazılan mətnlərin tədqiqat metodikasını işləyib hazırlamış, xətşünaslıq metodunun yaradılmasını elmi cəhətdən əsaslandırmışdır.
Firudin Eynulla oğlu Davudov 1983-cü ildə, 57 yaşında ikən avtomobil qəzası nəticəsində vəfat etmişdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.