
Yaponiyada nasazlanan humanoid robotlara yerində texniki xidmət göstərmək üçün xüsusi "robot təcili yardımı" hazırlanıb. Yeni nəqliyyat vasitəsinin bu ay istifadəyə verilməsi planlaşdırılır.
BAKU.WS xəbər verir ki, Yaponiyanın GMO Internet Group texnologiya şirkəti tərəfindən hazırlanan xüsusi avtomobil nasazlanan robotların olduğu əraziyə gedərək onların təmirinə kömək edəcək.
Avtomobildə robotların nasazlıqlarını aradan qaldırmaq üçün təlim keçmiş mühəndis fəaliyyət göstərəcək. Problem yerində həll edilə bilmədiyi halda robot texniki xidmət mərkəzinə aparılacaq. Zərurət yaranarsa, nasaz robotun əvəzinə başqa robot təqdim ediləcək.
Miniven tipli avtomobilin xarici görünüşü ənənəvi təcili yardım maşınlarına bənzəyir. Üzərində nəqliyyat vasitəsinin robotlara texniki xidmət məqsədi daşıdığını göstərən xüsusi qrafik elementlər yerləşdirilib.
Bu xidmət humanoid robotların müxtəlif sahələrdə istifadəsinin genişlənməsi fonunda onların texniki baxış və təmir ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Məlumata görə, bu avtomobil Yaponiyada, eləcə də dünyada humanoid robotların nasazlıqlarının aradan qaldırılması üçün xüsusi olaraq nəzərdə tutulan ilk nəqliyyat vasitəsi hesab olunur.
"McKinsey & Co." şirkətinin proqnozuna əsasən, qlobal robototexnika bazarının 2040-cı ilədək təxminən 370 milyard dollara çatacağı gözlənilir. Yaponiya hökuməti isə qlobal robototexnika bazarında 30 faizlik paya sahib olmağı hədəfləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.