
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əş-Şaar ilə görüşüb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Suriya arasında münasibətlərin son dövrdə müsbət dinamika ilə inkişaf etdiyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa arasında keçirilmiş görüşlərin və davamlı təmasların ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsinə, eləcə də əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə əlverişli zəmin yaratdığı qeyd olunub.
Azərbaycan təbii qazının Suriyaya tədarükü iki ölkə arasında iqtisadi əməkdaşlığın praktik nəticələr verən mühüm nümunəsi kimi dəyərləndirilib.
Humanitar sahədə həyata keçirilən təşəbbüslərin, o cümlədən Azərbaycan Hökumətinin dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş layihənin əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi, investisiya, energetika, infrastruktur və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikası baş nazirinin müavini Samir Şərifov iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.