
23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı.
Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasında öz payını verdi. Söhbət gənc yaşında əbədiyyətə qovuşaraq bir elin qürur mənbəyinə çevrilən Oğuz sakini Elşən Əhmədlidən gedir. Şəhidin anası Şərafət Çələbiyeva bildirib ki, oğlu ilə sonuncu dəfə noyabrın 4-də danışıb.
"Soruşdum ki, ay Elşən, bu müharibə nə vaxt qurtaracaq? Dedi ki, az qalıb. Noyabrın 8-də Zəfər qazandıq, amma Elşəndən xəbər çıxmadı. Elşənin anası olduğum üçün fəxr edirəm, qürur duyuram. Qəhrəman böyütdüyümdən xəbərim olmayıb. Onun döyüş yolu Füzulidən başlayıb. Noyabrın 8-də Şuşa-Xankəndi əməliyyatı zamanı şəhid olub. Üç övladım var, ikisi qızdır. Elşən isə ailənin sonbeşiyi idi. Nə qədər ağır olsa da, işğal altında olan Qarabağ torpaqları azad edildi. Bu, əsgərlərimizin, Elşən kimi oğullarımızın sayəsində mümkün oldu", - deyə şəhid anası Baku TV-yə bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.