
Noyabrın 13-14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisələr nəticəsində gəmilərdən birinə ziyan dəyib, digər ikisində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Rumıniyanın "Digi24" telekanalı məlumat yayıb.
İlk insident noyabrın 13-də Palau bayrağı altında üzən "Larissa 1" yük gəmisində qeydə alınıb. Sfıntul-Georqe yaxınlığında, Rumıniya sahillərindən təxminən 12 kilometr məsafədə baş verən hücum nəticəsində gəminin yük kranı zədələnib. Ukraynaya doğru hərəkət edən gəminin heyəti arasında xəsarət alan olmayıb.
Noyabrın 14-də isə Yunanıstan bayrağı altında üzən "Evia Petrol V" tankeri və "Marsol" quru yük gəmisi hücuma məruz qalıb. Hər iki gəmidə yanğın baş versə də, ekipaj üzvləri alovu söndürə biliblər.
Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hadisələrlə bağlı araşdırma aparıldığını bildirib. Nazirliyin məlumatına görə, PUA təhlükəsi səbəbindən iki F-16 qırıcısı da havaya qaldırılıb.
Hadisələr nəticəsində ölən və yaralanan olmayıb. Gəmilərə hücum edən pilotsuz aparatların hansı tərəfə məxsus olduğu hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, son dövrlər Qara dənizdə ticarət gəmilərinə qarşı PUA hücumları ilə bağlı bir sıra insidentlər qeydə alınıb. Oktyabrın 23-də Konstansa yaxınlığında baş verən hücum zamanı bir dənizçi həlak olub, üç nəfər itkin düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.