Açıq və etibarlı əlaqələrin qurulmasında kütləvi informasiya vasitələri (KİV) “Azərbaycan Dəmir Yolları” QSC (ADY) üçün ən dəyərli tərəfdaşdır.
“Report” xəbər verir ki, bunu ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova səhmdar cəmiyyətin Mətbuat Şurası ilə birlikdə KİV təmsilçiləri üçün keçirdiyi araşdırma müsabiqəsinin nəticələrinin açıqlanması mərasimində deyib.
O bildirib ki, Milli Mətbuat Günü ərəfəsində media tərəfdaşları ilə bir araya gəlmək, ADY, qurumun sərnişinləri və biznes tərəfdaşları üçün strateji olan məsələlər barədə fikir mübadiləsi aparmaq vacibdir: “Hədəfimiz kommunikasiya sahəsində öz tərəfimizdən şəffaflıq və səmərəliliyi artırmaq, bütün maraqlı tərəfləri məlumatlandırmaqdır. Ötən altı ay ərzində ADY-nin Kommunikasiya departamenti sosial media platformalarımız, rəsmi veb-saytımız və 1822 Əlaqə Mərkəzi vasitəsilə 1000-ə yaxın məlumat, o cümlədən multimedia xəbəri yayıb. ADY sədri Rövşən Rüstəmov başda olmaqla qurumun bütün rəhbər şəxsləri həvəslə media tərəfdaşlarımızla görüşür və öz sahələri üzrə açıqlamalar, geniş müsahibələr verirlər”.
ADY-nin Strateji kommunikasiya planına illik media müsabiqələrinin də daxil olduğunu deyən A. İsmayılova diqqətə çatdırıb ki, xüsusilə Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dayanıqlı və innovativ həllər barədə ictimaiyyətin məlumatlandırılmasında KİV-lə əməkdaşlığı yüksək qiymətləndirir.
Departament rəhbəri qeyd edib ki, budəfəki media müsabiqəsinin qaliblərinə elektron sertifikatlar və dibçək bitkiləri təqdim etməklə ADY-nin yaşıl təşəbbüslərə dəstəyinə bir daha diqqət çəkilib.
“ADY işlərini planlı şəkildə həyata keçirir və buna uyğun olaraq Kommunikasiya departamenti də tədbirləri strateji kommunikasiya planı əsasında təşkil edir. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi, yeni “Stadler” qatarlarının xəttə buraxılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi, sərnişindaşımada xidmət keyfiyyətinin artırılması, mobilliyin və maneəsiz səyahətin təmin edilməsi, infrastrukturun yenilənməsi, işğaldan azad edilmiş ərazilərdə dəmir yolu xəttinin bərpası və digər irimiqyaslı işlərə həsr olunmuş tədbirlərdə KİV nümayəndələrinin iştirakı cəmiyyətin fikrinin öyrənilməsi və dəyərləndiriməsinə xidmət edir. Həmçinin hər ay “Təhlükəsizlik həftəsi” çərçivəsində keçirilən tədbirlər və ADY-nin “yaşıl dünya” naminə həyata keçirdiyi layihələrlə bağlı məlumatların mediada yayılması, sərnişindaşıma və yükdaşıma ilə bağlı aylıq müqayisəli statistik məlumatların paylaşılması, “ADY News” aylıq bülleteninin hazırlanması bütövlükdə şirkətin gördüyü işlərin daha geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayır”, - deyə A.İsmayılova vurğulayıb.
Onun sözlərinə görə, bu ilin əsas mövzularından biri də Ümummilli Lider Heydər Əliyevin XX əsrin strateji infrastruktur layihəsi olan Baykal–Amur Magistralına verdiyi misilsiz töhfələr və bu layihənin 50 illiyinin qeyd edilməsi idi: “Bu məqsədlə ADY rəhbərliyi Rusiyanın Tında şəhərində keçirilən tədbirlərdə iştirak etdi və tədbirlərin işıqlandırılması üçün Azərbaycan media nümayəndələrinin Rusiyaya səfərinə də dəstək verdik. Ümumiyyətlə, qeyd edim ki, işlərimizi ikillik strateji kommunikasiya planımız əsasında proaktiv qaydada həyata keçiririk və strateji kommunikasiya xəttimizi davam etdirərək ADY-nin davamlı inkişafı prosesinə bütün tərəfdaşlarımızı cəlb etməyə maraqlıyıq”.
ADY rəsmisi bu strategiya sayəsində həm sərnişinlər, həm də əməkdaşlar üçün daha şəffaf və effektiv kommunikasiyanı təmin edə biləcəklərinə inandığını bildirib: “Bu prosesdə media ilə birgə işləməyə və əməkdaşlığımızı daha da dərinləşdirməyə davam edəcəyik. Bütün bu işlərlə ADY-nin nüfuzunu və etibarını qoruyaraq sərnişinlərimiz və əməkdaşlarımızla da daha güclü əlaqələr qurmağa çalışırıq”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.