
Azyaşlını avtomobilin ön oturacağında daşımaqla kobud qayda pozuntularına yol verən sürücü barəsində tədbir görülüb.
AVESTA.AZ-in məlumatına görə, Baş DYP İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, qayda pozuntusu ilə bağlı sosial mediada yayımlanan məlumat əsasında araşdırma aparılıb.
Nəticəyə əsasən, qayda pozan sürücü Əliyeva İlahə Xudu qızı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
"Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların dəfələrlə ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", - məlumatda vurğulanıb.
***09:47
"Sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır."
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
"Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət deyil, həm də azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl edilməlidir", - deyə məlumatda bildirilir.
*** 09:30
Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, avtomobili idarə edən xanım sözügedən qayda pozuntusunun videosunu öz sosial hesabında paylaşıb.
Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdirəsi və inkişaf mərkəzinin rəhbəridir.
Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.
Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.