
Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Anar Həbib oğlu İskəndərliyə məxsus narşərab emalı müəssisəsində keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktlara, sanitariya norma və qaydaları tələblərinə əməl edilmədiyi üzə çıxıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, müəssisədə emal edilən "Miraj" əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığının pozulması aşkarlanıb.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin "Miraj" əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.