
Türkiyənin cənub bölgəsindəki güclü fırtına faciə ilə nəticələnib.
BAKU.WS xəbər verir ki, Qaziantep və Şanlıurfa şəhərlərində baş verən "super hüceyrə" adlanan fırtına bir vətəndaşın həyatına son qoyub, onlarla insan xəsarət alıb.
Məlumata görə, günorta saatlarından sonra qəfil başlayan leysan yağışı, dolu, güclü külək və hətta qasırğa qısa müddətdə regionda həyatı iflic edib.
Küçələr və keçidlər su altında qalıb, körpülərin altı gölə çevrilib. Şiddətli külək nəticəsində çoxsaylı binaların dam örtükləri uçub, ağaclar kökündən qopub, bəzi ərazilərdə isə sel hadisələri qeydə alınıb.
Xüsusilə Qaziantepin Oğuzeli rayonunda müşahidə olunan qasırğa nəqliyyat vasitələrini havaya sovurub. Hadisə zamanı bir avtomobilin sürücüsü yaralanıb, iri tonnajlı yük maşınlarının aşdığı bildirilir. Bölgədə yaşayan sakinlər arasında ciddi təşviş yaranıb.
Şanlıurfa valiliyinin açıqlamasına əsasən, fırtına nəticəsində 1 nəfər həyatını itirib, 40 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Qaziantep valiliyi bildirib ki, Şahinbey, Şehitkamil, Nizip və Yavuzeli rayonlarında yerləşən 39 məktəbdə dam örtüyünün zədələnməsi və şüşələrin sınması kimi hallar qeydə alınıb. Bu səbəbdən həmin təhsil ocaqlarında 4 may 2026-cı il tarixində dərslər bir gün müddətinə dayandırılıb.
Qaziantep Böyükşəhər Bələdiyyəsi isə açıqlayıb ki, cəmi 20 dəqiqə ərzində hər kvadratmetrə təxminən 60 kiloqram yağıntı düşüb. Bu qeyri-adi intensiv yağış şəhərin infrastrukturunda ciddi problemlərə yol açıb, bəzi yollar bağlanıb və su basmaları baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.