
Xaricdə yaşayan Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın bir müddət əvvəl əllərindən alınan övladları Denis və Aras Quliyevlər yenidən ailələrinə təhvil verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, təxminən bir il davam edən məhkəmə araşdırmaları zamanı ailəyə qarşı irəli sürülən iddialar öz təsdiqini tapmayıb.
Valideynin sözlərinə görə, məhkəmə prosesində uşaqlara qarşı hər hansı zorakılığın olmadığı müəyyən edilib və hadisənin yanlış anlaşılmadan qaynaqlandığı ortaya çıxıb. O, övladlarına yenidən qovuşduqları üçün böyük sevinc yaşadıqlarını qeyd edib.
Gültac Abdullayeva əlavə edib ki, proses zamanı onların hüquqlarını Almaniyada fəaliyyət göstərən azərbaycanlı vəkil müdafiə edib.
Qeyd edək ki, ailə daha əvvəl açıqlamasında Almaniyanın Dortmund şəhərində yaşadıqlarını bildirmişdi. Onların sözlərinə görə, Almaniya tərəfi ananın xəstəxanada uşağa qarşı zorakılıq etdiyi iddiası ilə övladların ölkədən çıxışına məhdudiyyət qoymuşdu.
Ailə ötən ilin avqustunda birdəfəlik Azərbaycana qayıtmaq istəyərkən Paris hava limanında polis əməkdaşları tərəfindən saxlanılmış, uşaqlar valideynlərdən alınmışdı. Daha sonra Azərbaycanın Fransadakı səfirliyi uşaqların Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə həmin ölkəyə aparıldığını açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.