
Ölkədə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
AVESTA.AZ xəbər verir ki, bunlardan biri də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə baş tutub.
Media və mətbuat nümayəndələrinin iştirakı ilə Hərbi Liseyə mediatur təşkil edilib.
Əvvəl Hərbi Liseyin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib. Ümummilli Liderin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Hərbi Liseydə fəaliyyət göstərən, Heydər Əliyevin adını daşıyan muzey ziyarət olunub. Burada dahi rəhbərə həsr olunan ekspozisiyalar barədə, həmçinin, muzeyin yaranma tarixi, fəaliyyəti barədə media nümayəndələrinə məlumat verilib.
Qeyd edilib ki, MMU-nun tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə, Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb.
Azərbaycan ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Hərbi Liseyin müstəsna rolu olduğu diqqətə çatdırılıb. Bu gün ordunun peşəkar kadrlarla təmin olunmasında məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.
O da bildirilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir.
Bura 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirən şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarını verməklə qəbul olunurlar.
Liseydə təhsil müddəti 2 ildir. Bu müddət ərzində kursantlara əsasən 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi və fiziki hazırlıq üzrə məşğələlərdə də qabiliyyətlərini inkişaf etdirirlər.
Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 14 mindən çox gənc bitirib, məzunlardan 20 nəfərdən çox zabit "general" ali rütbəsinə yüksəlib.
Hərbi Liseyin zabitləri 44 günlük Vətən müharibəsində mətanətlə vuruşublar. Onlardan bir nəfər zabit şəhidlik zirvəsinə yüksəlib, üç nəfər hərbi qulluqçu yaralanıb, 40-dan çoxu isə orden və medallarla təltif olunub.
Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən şəxslərdən 11 nəfəri məhz bu təhsil ocağının məzunudur, 1 nəfəri isə hərbi liseydə xidmət edən zabitdir.
Eləcə də, Hərbi Liseyin məzunlarından 19 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Vətən müharibəsində göstərdiyi igidlik və şücaətlərə görə Hərbi liseyin 100 nəfərdən çox məzunu orden və medallarla təltif olunub.
Mediatur zamanı jurnalistlər hərbi liseyin tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi, tibb məntəqəsi və digər inzibati binalarda olub, burada kursantlar üçün yaradılmış şəraitlə tanış olublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.