
"İpək yolu" rallisi Bakıya çatıb.
Rallinin təşkilatçısı Nadir Serin jurnalistlərə açıqlamasında bildirib ki, tədbirin təşkili olduqca çətin prosesdir. Onun sözlərinə görə, ralliyə hazırlıq işləri bir il davam edib.
Nadir Serin Baku TV-yə qeyd edib ki, əsas çətinliklərdən biri 19 ölkədən keçərək bu regiona çatmaq olub:
"Avropadan Türkiyəyə gəlmək o qədər də çətin deyil. Amma Türkiyədən sonra bu coğrafiyaya gəlmək asan olmur. Sərhəd keçidləri, eləcə də keçdiyimiz ölkələrdə insanların bizi tanıması müəyyən çətinliklər yaradır. Bildiyiniz kimi, pandemiyadan sonra Azərbaycana avtomobillə giriş məhdudlaşdırılıb. Buna baxmayaraq, Azərbaycan hökuməti, xüsusilə, Ankaradakı səfirlik və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə bizə xüsusi icazə verildi. Buna görə Azərbaycan hökumətinə təşəkkür edirik. Hazırda burada 10 avtomobil və 18 iştirakçı ilə təmsil olunuruq. Yarışda Almaniya, Avstriya, İtaliya, Türkiyə və İngiltərədən iştirakçılar var".
Rallinin iştirakçılarından Gülay Karakimseliler də təəssüratlarını bölüşüb. O bildirib ki, yarışa Türkiyədən qoşulsa da, marşrut Almaniyadan başlayıb:
"Bakını çox bəyəndik. Təəssüf ki, sabah səhər gəmi ilə yola düşəcəyik. Burada daha bir gün qalmaq istərdik. Amma bu, Bakıya son gəlişimiz olmayacaq. Şəhəri yenidən görmək üçün geri qayıdacağıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.