
Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra formalaşdırılan yeni Xalq Məclisinin ilk iclası keçirilib.
İclas Prezident Əhməd Şaranın iştirakı ilə baş tutub. Tədbirdə seçilmiş deputatlarla yanaşı, prezident tərəfindən təyin edilən 70 üzv də iştirak edib. Təxminən bir həftə təxirə salınan iclas zamanı parlament üzvləri and içərək fəaliyyətə başlayıblar.
Toplantıya xarici işlər naziri Əsəd Həsən Şeybani, daxili işlər naziri Ənəs Xəttab, ədliyyə naziri Məzhar əl-Veys və bir sıra xarici ölkələrin diplomatik nümayəndələri də qatılıblar.
Prezident tərəfindən yeni üzvlərin təyin edilməsindən sonra parlamentdə deputatların sayı 140-dan 210-a yüksəlib. Bununla belə, Suveyda əyalətinə ayrılmış üç mandat, o cümlədən vəfat etmiş İdlib nümayəndəsinin yeri hələ də boş qalır.
İclasda çıxış edən Əhməd Şara Suriyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. O qeyd edib ki, ölkə öz tarixi, dəyərləri və milli irsini qoruyaraq müasir dövlət quruculuğuna başlayır.
Prezident vurğulayıb ki, uzun illər davam edən müharibə və dağıntılardan sonra ölkənin bərpası, dövlət institutlarının gücləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi, investisiya mühitinin yaxşılaşdırılması, məşğulluğun artırılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi Xalq Məclisi də daxil olmaqla bütün dövlət qurumlarının əsas vəzifələrindən biri olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.