
Türkiyənin İstanbul vilayətində qanunsuz mərc fəaliyyətindən əldə olunan gəlirlərin yuyulması ilə bağlı istintaq çərçivəsində iki şirkətə məxsus 25,5 kiloqram qızıla əl qoyulub.
AVESTA.AZ xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğunun "Dinamikpay Elektronik Para ve Ödeme Hizmetleri AŞ" və şirkət rəsmiləri ilə bağlı apardığı istintaq "7258 saylı Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili haqqında qanunu pozmaq" və "cinayətdən qaynaqlanan əmlak dəyərlərinin yuyulması" maddələri üzrə davam edir.
İstintaq çərçivəsində keçirilən əməliyyat zamanı şirkətlərə məxsus 25,5 kiloqram qızıl götürülüb.
Müəyyən edilib ki, "Dinamik Elektronik Para ve Ödeme Hizmetleri AŞ" şirkətinə məxsus 12,5 kiloqram qızılın dəyəri 88 milyon türk lirəsi (3,1 milyon AZN), "Dinamik Menkul Değerler AŞ" şirkətinə məxsus 13 kiloqram qızılın dəyəri isə 91 milyon 520 min lirədir(3,2 milyon AZN).
İlkin ekspertiza hesabatına əsasən, qızılların ümumi dəyəri 179 milyon 520 min lirə təşkil edir.
Bildirilib ki, yoxlamadan sonra qızılların İstanbul Baş Prokurorluğunun Ədliyyə Əmanətinə qeydiyyatı həyata keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.