
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvili ilə görüşüb.
BAKU.WS report-a iastinadən xəbər verir ki, İ.Kobaxidze diplomatı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə səfirin fəaliyyətinin Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
G.Zakaraşvili Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətinə oktyabrın 1-dən başlayacaq.
O, Gürcüstan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və ölkənin diplomatik nümayəndəliklərində uzun illər iş təcrübəsinə malikdir.
G.Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri və GUAM-da Gürcüstanın daimi nümayəndəsi vəzifələrində çalışıb. 2016–2019-cu illərdə İsveçrə Konfederasiyasının Rusiya Federasiyasındakı səfirliyində Gürcüstanın Maraqlar Bölməsinin fövqəladə və səlahiyyətli elçisi, 2012–2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyinin və GUAM-da daimi nümayəndəliyinin fövqəladə və səlahiyyətli elçisi vəzifələrində fəaliyyət göstərib.
G.Zakaraşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.