
İstanbulun Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip Orta Məktəbində bıçaqlı hücum baş verib.
AVESTA.AZ xəbər verir ki, hadisə nəticəsində 8 qız şagird yaralanıb.
Məlumata görə, hücumu törədən şəxs məktəbin keçmiş məzunlarından olan və hazırda liseydə təhsil alan qız şagirddir.
O, məktəb formasını geyinərək əvvəllər təhsil aldığı məktəbə gəlib.
İddialara görə, psixoloji problemləri olduğu bildirilən şagird məktəbdə bıçaqla 8 şagirdə xəsarət yetirib.
Hadisə ilə bağlı əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Hücum edən şagird polis tərəfindən saxlanılıb. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.
Türkiyənin Səhiyyə naziri Kemal Memişoğlu da hadisə ilə bağlı açıqlama verib. Nazir bildirib ki, yaralanan 8 nəfərin müalicəsi xəstəxanalarda davam edir. Onlardan 1-nin vəziyyəti kritik, 2-nin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Hadisədən sonra məktəbdə övladı təhsil alan valideynlər böyük təşviş yaşayıb. Valideynlər məktəbə gələrək uşaqlarının vəziyyəti barədə məlumat almağa çalışıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.