
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatı və festivalına tam hazırdır.
Bu barədə AVESTA.AZ-ə AFFA-dan məlumat verilib.
Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir.
Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə 4000-ə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır.
Çempionat çərçivəsində 1000-ə yaxın oyun təşkil olunacaq. Qarşılaşmaların əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.