
Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışın yarımfinal mərhələsində millinin üç üzvü qələbə qazanaraq finala vəsiqə əldə edib.
Sənan Nəsibli (52 kq) yarımfinalda serbiyalı Lazar Yovanoviçlə qarşılaşıb. Hər üç raundda üstün olan Qazax boks məktəbinin yetirməsi rəqibini 5:0 hesabı ilə məğlub edib. Hakimlərin hamısı döyüşdə 30:27 hesabını qeydə alıblar. Sənan Nəsibli finalda şotlandiyalı Brodi Dau ilə qarşılaşacaq.
Yusif Əli (57 kq) isə ukraynalı Kirilo Çumakovla üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə rusiyalı Yeqor Jiruxinlə qarşılaşacaq.
Sərxan Haxverdiyev (70 kq) də finala vəsiqə qazanıb. Gəncə boks məktəbinin yetirməsi yarımfinalda italiyalı Dieqo Mastrorillonu 5:0 hesabı ilə məğlub edib. O, çempionluq uğrunda döyüşdə ingiltərəli Şeyn Fyuri ilə qarşılaşacaq.
Azərbaycan millisinin digər üzvləri Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) isə çempionatı bürünc medalla başa vurublar.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci günündə daha beş təmsilçimiz rinqə çıxacaq. Yarışın qalibləri oktyabrın 25-də müəyyənləşəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.