
Noutbukun uzun müddət qasıq nahiyəsinə yaxın saxlanılması kişilərin reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə həmin bölgənin həddindən artıq isinməsi spermanın keyfiyyətinə zərər vurmaq riski daşıyır.
BAKU.WS xəbər verir ki, uroloq-androloq Vladislav Qladışev bu barədə "pravda.ru"ya açıqlamasında xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, reproduktiv orqanların uzun müddət istilik təsirinə məruz qalması ilə yanaşı, elektromaqnit şüalanması da müəyyən hallarda kişi cinsi hüceyrələrinin mikroskopik quruluşuna təsir göstərə bilər.
Mütəxəssis bildirib ki, xayalıq nahiyəsində temperaturun yüksəlməsi spermanın keyfiyyətinə təsir edən amillərdən biridir. Bu səbəbdən noutbuk və digər elektron cihazlardan istifadə zamanı iş şəraitinin düzgün təşkili, oturuş vəziyyətinə diqqət yetirilməsi və çanaq nahiyəsinin həddindən artıq isinməsinin qarşısının alınması vacibdir.
Qladışev reproduktiv sağlamlığa təsir edən amillərin yalnız texnologiya ilə məhdudlaşmadığını da vurğulayıb. Ümumi sağlamlıq vəziyyəti, hormonal dəyişikliklər və həyat tərzi də kişilərin fertilliyində mühüm rol oynayır. Həkim xüsusilə gənc yaşlarda testosteron səviyyəsinin azalması tendensiyasına diqqət çəkib.
Uroloqun fikrincə, kişi sağlamlığının qorunması üçün yalnız elektron cihazlardan istifadəni məhdudlaşdırmaq kifayət deyil. Müntəzəm tibbi müayinələrdən keçmək, sağlamlıqda yaranan dəyişiklikləri vaxtında araşdırmaq və onkoloji xəstəliklərin erkən diaqnostikasına diqqət yetirmək də vacibdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.