
"NATO-nun Rusiya ilə birbaşa münaqişəyə cəlb olunmamaq istəyi qorxaqlığın deyil, məsuliyyətin təzahürüdür"
"NATO dostlarına dəstək, öz üzvlərinə isə zəmanət verir"
"Ukrayna ordusu qitədə ən güclü və ən döyüşkən orduya çevrilir"
Kuçma bəyan edib ki, Qərbin təhlükəsizlik sistemi Ukraynasız mümkün deyil
Ukrayna digər müdafiə ittifaqlarının meydana çıxmasına rəğmən, NATO-ya daxil olmaq üçün mübarizə aparmalıdır.
Avesta.az xəbər verir ki, bu barədə iyulun 9-da NATO ilə Ukraynanın xüsusi tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasının 25-ci ildönümündə sənədi imzalayan Ukraynanın eks-prezidenti Leonid Kuçma bəyan edib. Məlumatı "QORDON" internet nəşri yayıb.
"Bu gün neytrallıq barədə tezis, deyəsən, gündəliyimizdən çıxıb. Rusiya özünün hərbi cinayətləri, müharibəni insanlığa yad metodları ilə aparmaqla özü bunu gündəlikdən çıxarıb. Ukraynaya hərbi ittifaq lazımdır", - Kuçma deyib.
Ukraynanın eks-prezidenti vurğulayıb ki, qitənin təhlükəsizliyi sistemi, hələlik, nəzəri düşüncələrdir, Ukraynaya isə müttəfiqlər indi lazımdır.
"Ukraynanın, Böyük Britaniyanın, Polşanın və Baltikyanı ölkələrin hərbi ittifaqı ideyası, məncə, çox gözəldir və tezliklə gerçəkləşməyə layiqdir, lakin belə ittifaq, əgər Rusiya özünün bütün potensialını və "dər-dəmirini" səfərbər edərsə, şərqdən total təcavüzün tam dolğunluqla dəf edilməsinə hər halda zəmanət verə bilməz.
Bu, birincisi.
İkincisi, bu layihənin gələcəyi ilə bağlı onun müəllifi, Böyük Britaniyanın baş naziri, bizim əsl dostumuz Boris Consonun öz postundan istefa verməsi ilə əlaqədar məsələlər var.
Və ən başlıcası, bu həqiqətən ləyaqətli ideya bizim üçün bilavasitə NATO-ya inteqrasiya edilməyimizə əvəzləyici olmamalıdır", - o, izah edib.
Kuçma "Ukraynada müharibədə NATO-nun "qətiyyətsizliyi və qorxaqlığı" ilə əlaqədar mümkün iddialarla bağlı suala sualla cavab verib: "O zaman nədən NATO ölkələri Ukraynaya yardım etməkdən çəkinmir? Axı, demək olar ki, bütün hərbi yardım onlar tərəfindən edilir".
"Əslində, burada yenidən paradoks yaranır: NATO-nun bir təşkilat kimi bizim müharibədən uzaq durması, üçüncü dünya müharibəsi anlamına gələn Rusiya ilə birbaşa münaqişəyə cəlb olunmamaq istəyi Alyansın qorxaqlığı deyil, onun məsuliyyətini sübut edir. Təkcə bəşəriyyət qarşısında deyil, həm də təhlükəsizliklərinə zəmanət verdiyi öz üzvləri qarşısında məsuliyyətini göstərir. Bəli, NATO-nun bizim üçün belə təəssüfediləcək bərabərsizliyi var. Bizim kimi dostlarına imkan daxilində dəstək verir, amma öz üzvlərinə tam zəmanət verir", - o, belə deyib.
Eks-prezident bu nəticəyə gəlib ki, Ukrayna "bundan sonra da Alyansda "özününkü" olmaq üçün inadlı səylər
göstərməlidir.
"Mən tamamilə əminəm ki, bizim NATO-ya can atmağımızın, nəhayət, bu Alyansa qoşulmağımızın alternativi, sadəcə, yoxdur. Yeri gəlmişkən, əgər NATO özü üçün başlıca təhlükə müəyyən etdiyi gücə tam dolğunluqla və uğurla müqavimət göstərmək istəyirsə, elə onun üçün də alternativ yoxdur.
Bir çox ekspertlərin dəyərləndirməsinə görə, Ukrayna ordusu qitədə ən güclü və ən döyüş qabiliyyətli orduya çevrilir", - Kuçma bəyan edib.
Onun sözlərinə görə, "NATO-nun özünün Ukraynaya Silahlı Qüvvələrinə birləşmək istəyi barəsində zarafatlar boş yerə yaranmır".
"Ukrayna və NATO-nun bir düşməni var. Bu o deməkdir ki, biz birlikdə olmalıyıq. Qərbdə hamı, əlbəttə ki, anlamalıdır: Ukraynasız sivil ölkələrin sabit, zəmanətli təhlükəsizlik sistemi mümkün deyil. Bu isə o deməkdir ki, Ukrayna onun ayrılmaz və zəruri hissəsi olmalıdır", - Kuçma vurğulayıb.