
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.
Avesta.az xəbər verir ki, iyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb.
Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.