
Avstraliyada Böyük Sədd rifində yerləşən Lizard adasında gəzintiyə çıxan 80 yaşlı qadın gəmi heyəti tərəfindən adada unudulub. Onun meyiti ertəsi gün tapılıb.
AVESTA.AZ xəbər verir ki, hadisə "Coral Adventurer" adlı kruiz gəmisinin şənbə günü adada keçirdiyi gəzinti zamanı baş verib. Məlumata görə, qadın digər sərnişinlərlə birlikdə adanın ən yüksək nöqtəsi olan Cook"s Look zirvəsinə qalxıb, lakin bir müddət sonra dincəlmək üçün qrupdan ayrılıb.
Gəmi gün batımı ərəfəsində adadan uzaqlaşıb, lakin bir neçə saat sonra qadının itkin düşdüyü məlum olub. Bundan sonra gəmi geri qayıdaraq axtarış əməliyyatına başlanılıb. Qadının cansız bədəni bazar səhəri tapılıb.
Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) hadisə ilə bağlı araşdırmaya başladığını və gəminin bu həftə Darvin limanına çatdıqda heyətlə sorğu aparılacağını açıqlayıb.
Qurumun məlumatına görə, hadisə barədə şənbə günü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 05:00) gəmi kapitanı tərəfindən məlumat verilib.
"Coral Expeditions" şirkətinin baş direktoru Mark Fifield hadisədən dərin kədər hissi keçirdiklərini bildirib.
Məlum olub ki, qadın Avstraliya sahilləri boyunca 60 günlük kruiz turunun ilk dayanacağında iştirak edirmiş. Bu səfərin biletlərinin qiyməti on minlərlə dollar təşkil edir. Şirkətin saytında qeyd olunur ki, "Coral Adventurer" gəmisi 120 sərnişin və 46 heyət üzvü tutumuna malikdir və uzaq bölgələrə səfərlər üçün xüsusi dizayn olunub. Gəmi, sərnişinləri gündəlik ekskursiyalara aparmaq üçün kiçik katerlərlə təchiz edilib.
Queensland polisi hadisəni "ani və şübhəli olmayan ölüm" kimi qiymətləndirib və məhkəmə-tibbi ekspertizanın aparılacağını açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.