
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında İtaliyanın "Yuventus" klubunu 5:2 hesabı ilə məğlub edib.
AVESTA.AZ-in məlumatına görə, görüşə sürətli başlayan İstanbul klubu 15-ci dəqiqədə Q. Saranın qolu ilə hesabı açıb – 1:0.
Lakin cəmi bir dəqiqə sonra T. Koopmeiners tarazlığı bərpa edib – 1:1. Matçın 32-ci dəqiqəsində yenidən fərqlənən Koopmeiners "Yuventus"u önə çıxarıb – 1:2. İlk hissə qonaqların üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra "Qalatasaray" oyunda dönüş yaradıb. 49-cu dəqiqədə N. Lanq hesabı bərabərləşdirib – 2:2. 60-cı dəqiqədə isə D. Sançes komandasını yenidən önə keçirib – 3:2.
75-ci dəqiqədə N. Lanq fərqi artırıb – 4:2. Matçın son nöqtəsini isə 86-cı dəqiqədə V. Osimhenin ötürməsindən sonra S. Boey qoyub – 5:2.
Beləliklə, "Qalatasaray" möhtəşəm geri dönüş edərək "Yuventus" üzərində inamlı qələbə qazanıb və növbəti mərhələyə yüksəlmək yolunda ciddi üstünlük əldə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.