
BMT Koreya Xalq Demokratik Respublikasından (KXDR) “Vaqner” özəl hərbi şirkətinə (ÖHŞ) silah tədarükü ilə bağlı məlumata sahib deyil.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
“Aydındır ki, KXDR-in silah ötürməsi məsələsinə sanksiyaya riayətetmə rejimi çərçivəsində baxılacaq. Amma bu məsələ ilə bağlı məndə əlavə məlumat yoxdur”, - o, silahların ötürülməsi ilə bağlı məlumatın olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi Moskvaya bağlı “Vaqner” özəl hərbi şirkətinin Ukraynadakı Rusiya qoşunlarını dəstəkləmək üçün KXDR-dən silah partiyası aldığını bildirib.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada vəziyyəti sabitləşdirməkdə, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-ə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.