
Avropada, xüsusilə də Fransada dini və milli azlıqlara münasibətdə müşahidə olunan bəzi tendensiyalar insan hüquqları və azadlıqları ilə bağlı ciddi suallar doğurur.
AVESTA.AZ xəbər verir ki, bu fikirləri "Report"a Məclisin deputatı Azər Kərimli deyib.
"Jülyen Odul tərəfindən səsləndirilən və İslama qarşı mənfi münasibəti "qanuni hüquq" kimi təqdim edən fikirlər bu xüsusda yalnız fərdi mövqe deyil, daha geniş ideoloji yanaşmanın ifadəsi kimi qiymətləndirməlidir", - o bildirib və əlavə edib ki, insan hüquqları prizmasından yanaşdıqda, dini etiqad azadlığı fundamental hüquqlardan biri kimi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul edilmiş sənədlərdə, xüsusilə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində açıq şəkildə təsbit olunub.
Bu hüquq yalnız dinə inanmaq və ya inanmamaq azadlığını deyil, eyni zamanda hər hansı dinin ayrı-seçkiliyə və nifrətə məruz qalmamaq hüququnu da əhatə edir:
"Odulun "istənilən dini sevməmək hüququ" ilə bağlı fikri formal olaraq ifadə azadlığı çərçivəsində görünsə də, dini əsasda nifrət mühitinin legitimləşdirilməsinə xidmət edir. Xüsusilə də İslam kimi yüzmilyonlarla insanın mənsub olduğu dinə qarşı sistemli mənfi münasibətin təşviqi artıq fərdi fikir deyil, sosial ayrı-seçkiliyin təşviqi kimi qiymətləndirilə bilər".
Deputatın fikrincə, vicdan və dini etiqad azadlığı demokratik cəmiyyətlərin əsas sütunlarından biridir və yalnız fərdin inanclarını seçmək hüququ ilə məhdudlaşmır, həm də bu inancların ictimai müstəvidə ifadəsinə hörmət göstərilməsini tələb edir. "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda ifadə azadlığı ilə nifrət nitqi arasında aydın sərhədlər müəyyən olunub", - deputat qeyd edib:
"İfadə azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindən biri olsa da, bu azadlıq başqalarının hüquq və azadlıqlarına zərər vurduğu halda məhdudlaşdırıla bilər. Dini nifrətin təşviqi isə bir çox hallarda bu sərhədi aşır və hüquqi məsuliyyət doğurur".
O bildirib ki, diqqətçəkən məqamlardan biri də Marin Le Pen liderliyində fəaliyyət göstərən siyasi qüvvələrin ritorikasında müşahidə olunan ideoloji xəttdir. Bu xətt tez-tez milli identiklik və təhlükəsizlik arqumentləri ilə əsaslandırılsa da, praktikada dini və mədəni müxtəlifliyə qarşı dözümsüzlüyün artmasına gətirib çıxarır. Belə yanaşmalar isə yalnız konkret bir dini icmanı deyil, bütövlükdə cəmiyyətin sosial harmoniyasını və hüquqi balansını təhdid edir:
"Bütövlükdə isə, Jülyen Odulun səsləndirdiyi fikirlər təkcə bir siyasətçinin subyektiv mövqeyi kimi deyil, Avropada artmaqda olan selektiv yanaşmanın göstəricisi kimi qiymətləndirilməlidir. Qeyd edim ki, insan hüquqları universallıq prinsipinə əsaslanır və bu hüquqların tətbiqində hər hansı dini və ya mədəni fərqlərə görə istisnaların yaradılması həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir. İfadə azadlığı adı altında dini nifrətin legitimləşdirilməsi isə uzunmüddətli perspektivdə həm demokratik institutlara, həm cəmiyyətlərarası etimada, həm də mədəniyyətlərarası dialoq mühitinə ciddi zərbə vurur.
Jülyen Odul kimi siyasətçilər unudurlar ki, Fransada yaşayan və bu ölkənin vətəndaşı olan müsəlmanların sayı 9 milyona yaxındır, Avropa İttifaqı və ətraf ölkələrdə isə 40 milyon müsəlman yaşayır. Bu isə o anlama gəlir ki, mədəniyyətlərarası dialoq mühitinin, konfessiyalararası harmoniyanın qorunması ilk növbədə Avropanın özü üçün zəruridir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.