
Bakıda hələ də rəsmi olaraq parklanma yeri kimi nəzərdə tutulmayan, amma sürücülərdən ödəniş tələb edilən yerlər var.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, həmin ərazilərdə avtomobillərini park edən sürücülərdən bir manat ödəniş tələb edilir.
Sürücülər də paytaxtın bəzi ərazilərində parklanma yeri kimi nəzərdə tutulmayan yerlərdə onlardan ödəniş tələb edildiyini bildiriblər. Sözügedən yerlərdən birində vətəndaşlardan ödəniş alan şəxs şifahi şəkildə rəhbərliyin burada olmadığını, özünün isə açıqlama verə bilməyəcəyini deyib.
Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tamamilə qanunsuzdur.
Vətəndaşlara qanunsuz pul tələbi ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunur. O da qeyd edilib ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub. Fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
"Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir", -deyə agentlikdən bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.