
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ümumdünya Ərzaq Proqramı, YUNİSEF, ÜST və digər qlobal təşkilatların rəhbərləri Əfqanıstanda hakimiyyətdə olan “Taliban”ı qadınların humanitar QHT-lərdə işləməsinə icazə verməyə çağırır.
“Report” xəbər verir ki, bu barədə təşkilatın hesabatında deyilir.
Təşkilatlar de-fakto Əfqanıstan hakimiyyətini qadınların təhsil müəssisələrində iştirakını və ictimai həyatda iştirakını qadağan edən, bu və bütün digər direktivləri nəzərdən keçirməyə, ləğv etməyə çağırıblar. BMT qurumlarının rəhbərləri vurğulayıblar ki, heç bir dövlət ölkə əhalisinin yarısını cəmiyyətdə iştirakdan kənarlaşdıra bilməz.
Sənədin müəllifləri qeyd ediblər ki, Əfqanıstanın hazırkı hökumətinin qadınların humanitar qeyri-hökumət təşkilatlarında işləməsini qadağan etmək qərarı dövlətin həssas təbəqələrinə, qadınlara, uşaqlara və bütün ölkəyə ciddi zərbədir.
Bundan əvvəl “Taliban” radikal islamçı hərəkatının nümayəndələri Əfqanıstandakı bütün yerli və beynəlxalq QHT-lərə qadın əməkdaşları işlərini dayandırmağı tapşırıblar.
Məlumata görə, onların işi “sonrakı xəbərdarlığa qədər” dayandırılmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.