
"Qadınlarda müşahidə olunan xərçəng növləri yaşa görə fərqlənir: bəziləri gənc yaşlarda, bəziləri orta yaşlarda, digərləri isə daha irəli yaşlarda ortaya çıxır. Abortla əlaqəli olan trofoblastik şişlər də bu qrupda xüsusi yer tutur. Trofoblastik dedikdə, embrionun inkişaf etdiyi hüceyrələrdən yaranan toxuma nəzərdə tutulur. Sadə dil ilə desək, bu şişlər hamiləliklə əlaqəli toxumalardan inkişaf edir".
BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Ulvira Qarayevanın verilişinə qonaq olan Tibb Elmləri namizədi, onkoloq-kimyaterapevt Anar Məmmədov deyib.
O vurğulayıb ki, qadınlarda erkən yaşlarda və tez-tez edilən abortlar bu tip şişlərin yaranma riskini artıra bilər:
"Araşdırmalar göstərir ki, erkən yaşlarda və tez-tez edilən abortlar bu tip şişlərin yaranma riskini artıra bilər. Yəni hamiləlik sayı və abortların çoxluğu müəyyən dərəcədə risk faktorudur. Hətta bəzi proqnozlara görə, abortların sayı artdıqca, trofoblastik xəstəliklərin yaranma ehtimalı da yüksəlir. Bu şişlərin maraqlı və fərqli xüsusiyyətlərindən biri odur ki, digər xərçənglərdən fərqli olaraq, diaqnoz üçün biopsiya hər zaman uyğun olmur. Çünki bu şişlər çox güclü qanaxmaya malikdir və biopsiya zamanı ciddi qanaxma riski yarana bilər. Bəs diaqnoz necə qoyulur? Burada əsas göstəricilərdən biri qanda ölçülən beta-hCG hormonudur. Bu hormon normalda hamiləlik zamanı artır. Amma əgər hamiləlik olmadığı halda və ya abortdan sonra bu hormonun səviyyəsi çox yüksək qalırsa (məsələn, yüz minlərlə və ya milyon səviyyəsində), bu zaman trofoblastik şişdən şübhələnmək olar.
Anar Məmmədov onu da qeyd edib ki, bu kimi şişlər daha çox 20-30 yaş aralığında müşahidə olunur. 30 yaşdan sonra risk nisbətən azalsa da, tamamilə aradan qalxmır.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.