
Deputat Vüqar Bayramov minimum əməkhaqqının artırılması ilə bağlı sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son dövrlər vətəndaşlardan minimum əməkhaqqının nə vaxt artırılacağı ilə bağlı çoxsaylı müraciətlər daxil olur.
BAKU.WS xəbər verir ki, deputatın sözlərinə görə, "Əmək Məcəlləsi"nə edilən dəyişikliklərə əsasən minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur. Bu isə artımların daha sistemli və qanunvericiliklə tənzimlənən şəkildə həyata keçirilməsi deməkdir.
Vüqar Bayramov qeyd edib ki, minimum əməkhaqqının artırılması yalnız aşağı maaş alan şəxslərə deyil, vahid tarif cədvəli üzrə çalışan digər işçilərə də təsir göstərir. Belə ki, dövlət büdcəsindən maliyyələşən bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları minimum əməkhaqqı artırıldıqdan sonra bir ay ərzində yeni məbləğə uyğunlaşdırılır.
Deputatın sözlərinə görə, hazırda vahid tarif cədvəli üzrə ən aşağı əməkhaqqı 400 manat, ən yüksək isə 1150 manat təşkil edir. Minimum əməkhaqqında ediləcək növbəti artımın təxminən 700 min vətəndaşın gəlirlərinə təsir göstərə biləcəyi vurğulanıb.
Vüqar Bayramov bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər Prezident tərəfindən 23 fevral 2026-cı ildə təsdiqlənib. Buna görə də həmin tarixdən etibarən bir il ərzində minimum əməkhaqqına ən azı bir dəfə yenidən baxılaraq artırılması gözlənilir.
Deputat əlavə edib ki, bəzi illərdə minimum əməkhaqqında bir neçə dəfə artımın baş verməsi də mümkündür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.