
"Hazırda İçərişəhərdə əhalinin siyahıya alınması aparılır".
BAKU.WS xəbər verir ki, bu sözləri Bakıda WUF13 çərçivəsində keçirilən "Tarixi Şəhərlərdə Rəqəmsal Transformasiya: Ağıllı İrs" adlı tədbirdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud deyib.
O bildirib ki, bu proses üç mərhələli şəkildə həyata keçiriləcək: "Biz bu prosesi üç mərhələli fəaliyyət kimi qiymətləndiririk. Bu çərçivədə əməkdaşlarımız və könüllülərdən ibarət qruplar qapı-qapı sakinlərin mənzillərinə gedərək sorğular vasitəsilə bütün məlumatları toplayırlar. Nəticədə bir neçə ay ərzində İçərişəhər üzrə tam və əhatəli məlumat bazası formalaşacaq. Toplanan məlumatlara sakinlərin sayı, gender və yaş bölgüsü, ailələrin gəlir səviyyəsi və digər sosial göstəricilər daxildir. Bu məlumat bazasının formalaşdırılması bizim üçün xüsusi əhəmiyyət daşıyır".
Qurum rəsmisi bildirib ki, digər mühüm istiqamət rəqəmsal kadastr sistemidir: "Bu sistem İçərişəhərə aid bütün əmlak məlumatlarının toplanmasını əhatə edir. Layihə Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə birgə həyata keçirilir və müvafiq məlumatlar artıq sistemə daxil edilir. Bu məqsədlə geniş və unikal rəqəmsal kadastr platforması yaradılıb və bütün məlumatlar orada inteqrasiya olunur. Üzərində birgə idarəetmə modeli tətbiq edilir. Eyni zamanda İçərişəhər ərazisində ünvanların inventarizasiyası aparılır, abidələrin rəqəmsal inventarizasiyası və pasportlaşdırılması işləri də həyata keçirilir. Bu məlumatlar da gələcəkdə kadastr sisteminin tərkib hissəsinə çevriləcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.