
Səkkiz ay əvvəl açılışı olan Gəncə Memorial Kompleksi artıq üç aya yaxındır qaranlığa qərq olub.
Vətən müharibəsinin mülki qurbanlarının xatirəsinə inşa edilən kompleksdə işıqlandırma sistemi işləmir.
Sakinlər mövcud vəziyyətlə bağlı narazılıqlarını ifadə ediblər.
Onlar Baku TV-yə bildiriblər ki, ərazidə işıqlandırmanın olmaması həm istirahət, həm də təhlükəsizlik baxımından çətinliklər yaradır.
"Uşaqları oynamaq üçün gətiririk, amma hava qaralmamış evə qayıtmalı oluruq", - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib:
"Velosiped sürənlər çoxdur, qaranlıqda onları görmək olmur, adamın üstünə çıxırlar".
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsindən bildirilib ki, Gəncə Memorial Kompleksinin park ərazisinin işıqlandırılması ilə bağlı yaranmış məsələ kompleksin tikintisini həyata keçirən podratçı şirkətlə aparılan təhvil-təslim prosedurlarının yekunlaşma mərhələsi ilə əlaqədar olub.
Qeyd olunub ki, sözügedən proses yaxın günlərdə tam başa çatdırılıb. Həmin dövr ərzində kommunal xidmətlərlə bağlı öhdəliklər podratçı şirkətin məsuliyyətinə aiddir.
Elektrik enerjisi təchizatında yaranmış fasilənin də məhz texniki prosedur xarakterli məsələlərlə bağlı olduğu bildirilib.
Hazırda kompleksin kommunal xərclərinin aidiyyəti qaydada təmin olunması istiqamətində işlərin aparıldığı və yaxın günlərdə park ərazisinin işıqlandırma sisteminin tam şəkildə bərpa ediləcəyinin nəzərdə tutulduğu vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.