
Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo yayda Madrid "Real"ına baş məşqçi təyin oluna biləcəyi iddiaları fonunda artıq heyətlə bağlı planlarını qurmağa başlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Mourinyo "İnter"in müdafiəçisi Alessandro Bastoni ilə mümkün transfer barədə şəxsi görüş keçirib.
Mənbənin bildirdiyinə əsasən, tərəflər ilkin şərtlər üzrə razılığa gəlib və italiyalı futbolçu da "Kral klubu"na keçidə müsbət yanaşıb. Mourinyo Bastonini "Real" müdafiəsinin gələcək lideri kimi görür və transferin qısa zamanda tamamlanmasını istəyir.
Qeyd olunur ki, portuqaliyalı çalışdırıcı müdafiə xəttinin gücləndirilməsini əsas prioritet hesab edir. O, Bastoninin həm təcrübəsi, həm də oyun quruculuğu bacarığı ilə komandaya böyük fayda verəcəyinə inanır.
Bununla belə, Madrid klubunda prezident seçkiləri başa çatmadan hər hansı transfer qərarının rəsmiləşdirilməsi planlaşdırılmır.
Xatırladaq ki, daha əvvəl Alessandro Bastoninin "Barselona" ilə də əlaqə saxladığı barədə xəbərlər yayılmışdı. 26 yaşlı müdafiəçinin "İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Bastoni cari mövsümdə Milan təmsilçisinin heyətində 40 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.