
İranın xaricdə dondurulmuş milyardlarla dollar vəsaitinin yaxın vaxtlarda azad edilə biləcəyi bildirilir.
BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmmədbaqir Qalibafın Qətərə səfəri zamanı aparılan müzakirələr müsbət nəticələrlə yadda qalıb.
Mənbə qeyd edib ki, tərəflər arasında razılaşdırılması nəzərdə tutulan 14 maddəlik memorandum çərçivəsində İranın bloklanmış 24 milyard dollarlıq aktivlərinin mərhələli şəkildə sərbəst buraxılması planlaşdırılır. Tehran həmin məbləğin 12 milyard dollarının sənəd qüvvəyə mindiyi andan etibarən istifadəyə verilməsini, qalan hissəsinin isə iki ay ərzində köçürülməsini istəyir.
Bildirilir ki, Qalibafın Dohaya səfərinin əsas məqsədi ilkin mərhələdə bu vəsaitə çıxışın təmin olunmasına mane yaradan problemlərin həlli və yekun razılığın əldə edilməsi olub.
Mənbənin sözlərinə görə, əvvəllər Cənubi Koreya və Qətərdə saxlanılan İran vəsaitlərinin azad olunması prosesində yaşanan çətinliklər nəzərə alınaraq, bu dəfə icra mexanizminə xüsusi nəzarət edilməsi vacib sayılır.
Qeyd edilib ki, danışıqlar ümumilikdə konstruktiv atmosferdə keçib və tərəflər arasında dialoq müəyyən irəliləyişə səbəb olub. Bununla yanaşı, İran tərəfi ABŞ-yə tam etibar etmədiyini vurğulayaraq prosesə ehtiyatla yanaşdığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.