
"Yumurtanın qiymətində ucuzlaşma prosesi artıq mart ayının sonlarından başlayıb. Hazırda yumurtanın topdansatış qiyməti təxminən 13,7 qəpik təşkil edir".
Bunu AVESTA.AZ-ə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, yay aylarında qiymətlərdə müəyyən eniş tendensiyası davam edə bilər:
"Bunun əsas səbəblərindən biri yay mövsümündə əhalinin bir hissəsinin istirahətə getməsi nəticəsində daxili tələbatın nisbətən azalmasıdır. Digər mühüm amil isə kənd təsərrüfatında məhsuldarlığın artmasıdır. Belə ki, kənd toyuqları qış aylarında gündəlik təxminən 120 min ədəd yumurta verirdisə, hazırda bu göstərici 300 min ədədi ötüb. Bu da bazarda yumurta təklifinin artmasına və bolluğun yaranmasına səbəb olur.
Eyni zamanda, yerli istehsalçıların xarici bazarlara çıxışı da davam edir. Hazırda Azərbaycandan, xüsusilə iri quşçuluq müəssisələri tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə yumurta ixracı həyata keçirilir".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.