
Türkiyəli gənc reper "Aishe" (Tuğçe Ayşe Güler) vəfat edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə onun rəsmi sosial media hesabında məlumat paylaşılıb.
Paylaşımda, "Mən onun qardaşıyam. Bacım vəfat edib. Başımız sağ olsun" sözləri qeyde dilib.
Hadisənin dəqiq səbəbi hələ rəsmi şəkildə açıqlanmasa da, ailə üzvləri ölümün tibbi səhlənkarlıq nəticəsində baş verdiyini iddia edirlər.
Qardaşının sözlərinə görə, Tuğçe Ayşe Güler əvvəlcə qulaq infeksiyası keçirib, daha sonra isə üz iflici ilə üzləşib. Keçirdiyi əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğu bildirilib.
Ailə üzvlərinin açıqlamasında qeyd edilir ki, sənətçinin vəziyyəti pisləşdikdən sonra təcili yardıma müraciət edilsə də, şikayətlərin dərmanların yan təsiri olduğu deyilərək evə göndərilib.
Daha sonra yenidən ağırlaşan Güler xəstəxanaya yerləşdirilib, lakin ailənin iddiasına görə, dörd gün ərzində ona dəqiq diaqnoz qoyulmayıb və müvafiq müalicə aparılmayıb.
Səhhəti daha da ağırlaşdıqdan sonra reanimasiya şöbəsinə köçürülən gənc ifaçı üçün artıq gec olduğu bildirilib.
Ailə üzvləri, onun xəstəliyinin Behçet xəstəliyi (əsasən ağızda və cinsiyyət orqanlarında təkrarlanan yaralar, göz iltihabı və dəri problemləri ilə özünü göstərən xroniki, sistemli və otoimmün qan damarı iltihabıdır) ola biləcəyi barədə dəfələrlə xəbərdarlıq etdiklərini, lakin bu ehtimalın yalnız ölümündən bir gün əvvəl nəzərə alındığını qeyd ediblər.
Aişənin ölümü ilə bağlı səsləndirilən səhlənkarlıq iddiaları ictimaiyyətdə geniş rezonans doğurub.
Hadisə ilə bağlı rəsmi araşdırmanın aparılıb-aparılmayacağı hələlik məlum deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.